Dropshippping biznesini irəlilətməyin və ayaqda tutmağın yeganə yolu pul xərcləməkdən keçmir. Pulsuz trafik axını üçün Facebook və Instagram-da geniş izləyici kütləsinə də ehtiyacınız yoxdur. Beləliklə, reklamlara xərcləməyə çox pulunuz yoxdursa, qeyd etdiyim iki üsulla tanış olmaq üçün bu məqaləni mütləq oxumalısız.
Dropshipping biznesi barədə ümumiyyətlə məlumatsızsınızsa daha öncə yazdığım yazı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
YouTube-dan Dropshipping mağazasına pulsuz trafik
Dropshipping mağazasına pulsuz və lazımlı trafik gətirməyin ən asan yollarından biri YouTube videoları hazırlamaqdır. Yuxarıdakı şəkildə də gördüyünüz kimi bu Youtuber pişiklər barədə gülməli videolar hazırlayır və xeyli sayda izləyici qazanır. Siz də özünüzə niş sahə tapıb onunla davam etsəz, çoxlu pul qazana bilərsiz. Bunun üçün orijinal kontent yaratmağa, video avadanlıqları almağa ehtiyac yoxdur. Sadəcə videoları bir yerə toplamaq bacarığı gərəkdir.
Görək bu Youtuber necə pul qazanır
O, pişiklər barədə olan TikTok videolarını toplayır, onlardan gülməli video toplusu hazırlayır və videonun altındakı descriptionda öz Dropshipping mağazasının linkini yerləşdirir. Bu video orijinal olmadığına görə o, Google reklamlarından gəlir əldə etməsə də, ev heyvanları üçün olan online mağazasına böyük trafik qazana bilir.
O, əsasən ev heyvanı saxlayanlara lazım olan xüsusi məhsul səhifələrinin, deyək ki, heyvanın tüklərini təmizləmək üçün alətin səhifəsinin linkini yerləşdirir.
Bundan başqa, digər bir dropshipper də bu YouTuberdən ödəniş qarşılığında öz linkini videonun təsvir hissəsinə yerləşdirməsini istəyə bilər.
Məsələnin yaxşı tərəfi isə odur ki, bu işləri görmək üçün peşəkar video redaktoru olmağa ehtiyac yoxdur. Sadə video redaktə (kəsmə, mətn əlavə etmə və s.) bacarıqları ilə də bu cür videolar yarada bilərsiniz.
Redaktə işlərini görməyə bacarığınız və ya vaxtınız yoxdursa, freelance olaraq kiməsə gördürə bilərsiniz.
Niş və strategiya
Ev heyvanı nişi başlanğıc üçün çox yaxşıdır. Amma bu niş sahəni seçən xeyli adam olduğuna görə rəqabət asan olmaya bilər. Bununla belə özünüzə güvənirsizsə və rəqabətə hazırsınızsa, buyurun.
Qeyd etdiyim Youtuber paylaşımlarını yalnız TikTok videoları arasından seçib hazırlayır. Çünki bilir ki, TikTok gündəlik olaraq yeniləndiyinə, nəticədə onun da izləyiciləri hər zaman yeni, görmədikləri video toplusu ilə rastlaşacaqlarına görə onu maraqla izləyəcəklər.
Youtuber insanların artıq gördüyü köhnəlmiş pişik videolarını paylaşsaydı, bu qədər məşhurluq və baxış sayı qazanmazdı. Bu YouTuber-in niş sahəsi ev heyvanları, strategiyası isə belə videoları TikTok-dan götürməkdir. Siz də istəyinizə uyğun olaraq belə bir seçim edə bilər və yaxud da videolarınızı Telegram kimi fərqli bir portaldan götürə, ev heyvanları deyil, başqa bir niş sahə (məsələn, gülməli uşaqlar, idman sahəsində gülməli xətalar və s.) seçə bilərsiniz.
Aşağıdakı Youtuber də sizin üçün nümunə ola bilər
Kanal ancaq Counter Strike Global Offensive (CSGO) barədədir. Adam, CSGO-da peşəkar komandalar arasında baş verən oyunlardan oyunçuların gülməli videolarını yükləyir. Kanal həqiqətən də bu oyunu oynayanların böyük marağına səbəb olub.
Adamın bu strategiyası yaxşı işlədi. Belə ki, hazırda 4 və ya daha çox kanalın sahibidir. Bloggerin ən böyük kanalında 100k abunəçi var. Videolarına baxış sayı çox olduğuna görə bu CSGO saytlarının reklamından gəlir əldə edir. Bu da video oyunları sevənlər üçün pul qazanmağın yollarından biridir.
Etsy-də pul qazanmaq
Digər üsul isə Etsy-də pulsuz mağaza açıb, Çindən məhsulları dropship etməkdir. Etsy-nin üstün tərəfi odur ki, burada aylıq böyük pullar xərcləmək lazım gəlmir. Yadımda qaldığı qədərilə hər yerləşdirdiyiniz məhsula görə cəmi 20 sent ödəniş etməli olursuz. Əlbəttə ki, hər həyata keçirdiyiniz satışa görə də hansısa faiz ödənişi var.
Başlanğıcda e-mağazaya yüzlərlə məhsul yerləşdirmək lazım deyil. İlk olaraq 10-20 məhsul yükləyib, gözləmək lazımdır. Hər hansı bir Etsy satıcısının affiliate linkindən istifadə edib qeydiyyatdan keçərək ilk 20 məhsulu pulsuz yerləşdirə bilərsiniz. Bu, o deməkdir ki, siz heç aylıq hər məhsula görə də 20 sent ödəməli olmayacaqsız. İnstagramdan mənə yazsanız mən də öz affiliate linkimi sizlə bölüşərəm.
Çindən dropship üsulu ilə satış etmək istəyirsinizsə yuxarıda yerləşdirdiyim şəkildəki kimi məhsullara üstünlük verin. Ailəvi hədiyyələr, özəl şəkillər, adın qeyd olunduğu boyunbağılar və s. Etsy-də yaxşı satılır. Aliexpress-də isə belə məhsulları həmişə tapa bilərsiniz.
Əsas məsələlərdən biri odur ki, alıcınıza heç vaxt yalan danışmayın. Məhsulları Çindən göndəriş edirsinizsə, bunu belə də qeyd edin. Çünki məsələ aydın olduqdan sonra yalan sizin mağazanızın nüfuzuna xələl gətirə bilər. Çin məhsulu heç də pis, keyfiyyətsiz məhsul anlamına gəlmir. Siz maraqlı məhsullar paylaşdıqdan sonra alıcıların kifayət qədər marağına səbəb ola bilər.
Etsy-nin üstün cəhətlərindən biri də Amazon və Ebay ilə müqayisədə daha asan interfeysə sahib olmasıdır.
Beləliklə, dropshipping ilə maraqlanırsızsa, bu iki güclü üsul tamamilə pulsuzdur və sizə yaxşı pul qazandıra bilər. Sizə sadəcə bu işdə iradə və səbr lazımdır ki, davamlı videolar hazırlayıb, Etsy mağazasına da məhsullar yükləyəsiz.
Dəstək olduğunuz üçün təşəkkürlər. Məlumatlar çox əladır.