ABŞ-da dropshipping edən və orada yaşayan dostlarımdan, tanışlarımdan tez-tez dropshipping-lə bağlı suallar alıram. Bildiyiniz kimi Amerikada onlayn bizneslər vergi orqanlarının ciddi nəzarəti altındadır. Buna görə də bəzən həmvətənlərimiz problemlərlə qarşılaşırlar. Bu yazıda sizinlə ABŞ-da Dropshipping-lə məşğul olan zaman vergi məsələlərini necə həll edə biləcəyinizlə bağlı məlumat verəcəm. Amerikada bir xeyli mühasiblə, hüquqşunaslarla danışdım və onlardan aldığım cavabları bu yazımda Sizlərlə paylaşacam.
ABŞ-da dropshipping üçün MMC (LLC) kimi qeydiyyatdan keçmək lazımdır?
Shopify, PayPal və ya Stripe ödənişləri vasitəsilə 20000$-dan artıq satış həyata keçirdikdə şirkətlər IRS-ə (ABŞ-ın vergi xidməti) qazancları barədə məlumat verməli və MMC şəklində qeydiyyatdan keçməlidirlər. ABŞ-da MMC qeydiyyatdan keçirmək elə də baha deyil. Orada siz kifayət qədər ucuz qiymətə çalışan hüquqşünas və ya hüquq şirkəti tapa bilərsiniz. Düzdü bəlkə də kimsə deyəcək ki, 300$ yeni başlayan üçün elə də az qiymət deyil. Amma əgər güvənli şəkildə sahibkar olmağı, biznes qurmağı düşünürsünüzsə, hesab edirəm ki, bu pulu ödəməyə dəyər.
Vergiləri ödəmədikdə nə baş verir?
Deyək ki, ABŞ-da dropshipping zamanı PayPal ilə ödənişləri qəbul edirsiniz. 20000$ məbləği keçdikdə PayPal IRS-ə bu barədə məlumat verir. Vergi də sizin hesabat verməyinizi gözləyir. Bu barədə IRS-ə hesabat vermədikdə isə artıq vergilər ölçü götürməyə başlayır. Çünki onların əllərində rəsmi olaraq qazancınız barədə məlumat olur və sizin bu məlumatı bildirmədiyiniz göstərilir. Bu zaman IRS sizin e-mail-inizə X məbləğdə borcunuzun olması ilə bağlı bildiriş göndərə bilər. Bu X rəqəm tamamilə onların ehtimal etdikləri rəqəmdir. Buna görə də narahat olmaq lazım deyil. Çünki siz vergi hesabatını detallı şəkildə vermədiyinizə görə onlar dəqiq bir rəqəm hesablaya bilməz. Bundan başqa, mesajda ödəmədiyiniz verginin cəriməsi də qeyd edilə bilər. Belə məsələlərlə qarşılaşmamaq üçün vaxtında hesabatı vermək lazımdır. ABŞ və Azərbaycan arasında olan anlaşmaya görə Siz istəsəniz vergini Amerikaya yox Azərbaycana da ödəyə bilərsiniz. Yəni seçim sizindir. Şirkətiniz amerikada olsa belə vergisini Azərbaycana ödəmək mümkündür.
ABŞ-da dropshipping mağazasını satsam vergi ödəməliyəm?
İnsanlar ABŞ-da dropshipping mağazalarını, reklam hesablarını, hətta PayPal hesablarını sata bilərlər. Buna görə vergi ödəmək lazım gəlir. Amma biznesiniz 1 ildən artıq fəaliyyət göstəribsə, vergidə sizə endirim edilə bilər. Daha çox qazanclı çıxmaq üçün biznesinizi satmaq istəsəz, mütləq bir mühasibdən məsləhət alın.
Hər bir mağaza üçün ayrılıqda MMC açmalıyam?
Mən bütün dünyada dropshipping-lə məşğul olan fərqli insanlarla ünsiyyətdə oluram. Bəziləri hər e-mağaza üçün ayrıca MMC yaradıb. Mən şəxsən bunun tərəfdarı deyiləm. Çünki nə qədər çox MMC açılsa bir o qədər də qarışıqlıq yarana bilər. Bundan başqa, bu addımı əlavə vaxt və pul itkisi hesab edirəm. Sizin məsələn, Shopify-da 3 mağazanız ola bilər. Bu 3 mağazanı bir MMC altında idarə edə bilərsiniz. Belə oxşar bizneslər üçün fərqli MMC-lər açmağın mənası da yoxdur. Amma əgər sizin tamamilə fərqli sahələrdə iki ayrı biznesiniz varsa, onda əlbəttə ki, biznesləri ayırmaq lazımdır. Məsələn, bir gəlir sahəniz e-ticarət, digəri deyək ki, daşınmaz əmlak sahəsindədirsə, bu biznesləri ayırmalısınız.Amma Azərbaycanda oturub, 2-3 onlayn biznes qurursunuzsa o zaman 1 MMC kifayətdir.
Daha sonra e-ticarət sahəsində savadlı bir mühasib seçmək lazımdır. Yeri gəldikdə, başdan-ayağa biznesi ona izah edin. Bundan sonra, açıq şəkildə ondan vergiyə daha az xərcinizin çıxması üçün sizə nələr təklif edə biləcəyini soruşa bilərsiniz. Vergi məsələlərini planlaşdırmaq və strategiyaları düzgün qurmaq üçün hansı təkliflərini olduğuna baxın.
Əlavə olaraq, xərclərə qənaət etmək məqsədilə IRS-ə müraciət edə bilərsiniz ki, sizin MMC-ni “S corp” adlandırdıqları kiçik biznes şirkəti kimi qeydiyyata alsınlar.
Dropshipping-də hansı xərcləri azaltmaq olar?
ABŞ-da dropshipping ilə məşğul olursunuzsa, mümkün qədər şəxsi həyatı biznes həyatından ayırmaq lazımdır. Beləliklə, sizin ayrıca biznes hesabı, biznes bank kartı və şəxsi hesab, şəxsi bank kartınız olmalıdır. Biznes xərclərinin hamısını həmin biznes hesabı vasitəsilə həyata keçirmək olar. Burada bir az sərbəst davrana bilərsiniz. Məsələn: hansısa şəhərə biznes görüşməsinə gedirsinizsə, bütün xərcləri həmin biznes hesabından həyata keçirə bilərsiniz. Amma hansısa şəhərə sırf şəxsi məqsədlər üçün getmisizsə, bunu biznes məqsədi kimi göstərmək düzgün olmaz. Fərq burasındadır ki, biznes məqsədilə getdiyiniz görüşdə mütləq hesabat, bu görüşə dair sənədləşmələr, şəkillər və s. olur ki, onlar da vergiyə təqdim oluna bilər.
Amma bəzən şəxsi xərcləri də vergi xərcləri kimi göstərmək mümkündür. Deyək ki, evinizdən həm də ofis kimi istifadə edirsiniz. Bu zaman iş məqsədilə istifadə etdiyiniz sahənin dəyərini kirayə haqqı kimi göstərə bilərsiniz. Lakin yadda saxlayın ki, vergilər şəxsi xərclərlə biznes xərclərinin qarışıq olduğu məsələlərə ciddi yanaşırlar.
Vergilərin aşağı olduğu ştat
Əgər ABŞ-da yaşayırsınızsa, hər bir ştatda tamamilə fərqli vergi qanunları hökm sürür. Ən sadə tələbləri olan ştatlar Delaware və Wyoming-dir. Sizin əgər MMC-niz varsa, Delaware-də illik 300, Wyoming-də isə 150 dollar ödəyəcəksiz. Lakin gəlir vergisi ödədiyiniz zaman MMC-ni qeydiyyatda keçirdiyiniz ştatla heç bir əlaqəsi olmur. Biznesiniz real olaraq harada fəaliyyət göstərirsə, oranın qanunlarına uyğun da gəlir vergisi ödəyəcəksiniz. Beləliklə, əgər şirkəti Wyomingdə qeydiyyatdan keçirib, Nyu York-da fəaliyyət göstərirsizsə, IRS vergisini, illik 150 dollar Wyomingdə qeydiyyatda olduğunuza görə, bundan əlavə Nyu York qanunlarına uyğun gəlir vergisi ödəyəcəksiniz.
Əgər Azərbaycanda yaşayırsınızsa və ABŞ-da şirkət qurub dropshipping ilə məşğul olacaqsınızsa o zaman məsləhət görərdim ki, Mycompanyworks.com saytı ilə Wyoming ştatında LLC şirkəti qurasınız.
Mağazamda satış zamanı alıcıdan vergi haqqını (salex tax) çıxmalıyam?
Dropshipper-lərin əksəriyyəti satışa görə alıcıdan vergi alır və bundan heç xəbərləri də olmur. Əvəzində isə Vergi ödənişini həyata keçirmir. Bu, çox pis haldır. Dövlət sizi vergilərdən yayınmaqda, fırıldaqçılıqda ittiham edə bilər.
Birincisi baxmalısınız ki, siz biznesinizi hardan idarə edirsiniz. İkincisi isə, satdığınız məhsullar biznesi idarə etdiyiniz yerdədir, ya yox? Anbar eyni ölkədə və ya eyni ABŞ ştatındadırsa, heç bir problem olmayacaq. Özünüz Arizonada fəaliyyət göstərib, anbarınız isə Nyu Yorkda yerləşirsə, bu hər iki ştatda fəaliyyət göstərmək deməkdir. Beləliklə də alıcı həm Arizona, həm də Nyu York vergisini ödəməlidir. Bu, adətən dropshipperləri qorxudur. Amma əslində bu vergini satıcı yox, alıcı tərəf ödəyir. Məsələn, Shopify-da mağaza varsa, satıcı kimi Arizona ştatında yerləşdiyinizi qeyd edirsiz. Məhsulun qiyməti 50$-dır, Arizonadakı müştəri malı aldıqda, 50$ + avtomatik satış vergisini ödəyəcək. Həmin əlavə pulu saxlayıb, Arizonanın vergi orqanına ödəmək lazımdır. Mən olsaydım, yaşadığım ştatda MMC-ni qeydiyyatdan keçirib, vergini eyni ştat üzrə ödəyərdim.
Vergini rüblük yoxsa illik ödəmək lazımdır?
Siz hər 3 ayda bir dəfə gəlirlərinizi hesablayıb, vergini ödəməlisiniz. Hər rüb ayın 15-ə qədər vergi ödəmələrini yox, hesabatı təqdim etmək lazımdır. Lazımından artıq ödəniş etsəniz, IRS qalıq məbləği qaytaracaq, əksik ödəsəz, bu barədə sizə bildiriş edəcək. Açığı, vergini ödəməsəz də bir neçə il ərzində IRS sizi çox narahat etməyə bilər. Amma 2-3 ildən sonra sizə məktublar göndərib, gecikməyə görə cərimə xəbərdarlığı edəcək. Cərimə isə hər ay müəyyən kiçik faiz şəklində borcun üstünə gəlir. Mən məsələn, yalnız ildə bir dəfə həm illik hesabat verirəm həmdə vergimi ödəyirəm və illərdir bir problem yaşamamışam.
Azərbaycanlı ABŞ-da dropshipping ilə məşğul olarsa
ABŞ-da yaşamasaz da orada anbarınız və ya işçiləriniz varsa, ABŞ-ın gəlir vergisini ödəməli olacaqsınız.Lakin, Azərbaycan və ABŞ arasında olan müqaviləyə görə siz gəlir vergisini istəyinizə görə ya ABŞ-a ya da Azərbaycana ödəyə bilərsiniz. Digər məsələ isə ABŞ-da fiziki olaraq heç bir mövcudluğu olmadan dollar ilə ABŞ-a dropship etməkdir. Bunun üçün ABŞ-da biznes qurmalısınız, VÖEN-iniz olmalıdır. İşin müsbət tərəfi odur ki, həmin adamlar MMC yaradıb, IRS-ə hesabat vermədikcə, gəlir vergisi ödəməli olmayacaq. Bu isə o deməkdir ki, yüz minlərlə ABŞ dollarını bank hesabından vergi ödəmədən nağdlaşdıra və ya öz şirkətlərinin hesabına köçürə bilərlər. Digər ölkədə fəaliyyət göstərərək, yerli valyuta ilə ABŞ-a dropship etmək də olar. Bu zaman da heç bir vergi hesabatına ehtiyac olmayacaq, ABŞ-a gəlir vergisi ödəməli olmayacaqsınız.
Əslində bu məsələdə daha mənfəətli çıxmaq biznesin hansı ölkədə yerləşdiyindən asılıdır. Yaşadığınız ölkədə vergi rəqəmləri yüksəkdirsə, ABŞ-da anbar və s.saxlayaraq, şirkəti oradan idarə etmək sizə daha çox sərfəli olar.
ABŞ-da Dropshipping-dən qazandığım pulu şəxsi hesabıma necə köçürüm?
IRS vergi sistemi aktiv gəlirdən vergi götürür. Siz əgər qazandığınız pula daşınmaz əmlak alsaz, IRS passiv gəlirdən vergi götürməyəcək.
Xəsis iki dəfə xərcə düşər məntiqi vergi ödənişlərində də özünü göstərir. Siz 30K və daha artıq pul qazandıqda artıq haqq-hesabınızı özünüz yox, peşəkar bir mühasib aparmalıdır. Çünki iş böyüyəndə xırda və böyük xərclərin sayı da çoxalır. Sizin 3 ay öncə ofis üçün aldığınız ləvazimatlar, avadanlıqlar yadınızdan çıxa bilər. Bütün bu xərclər isə toplandıqda onlara görə böyük vergi hesablanacaq. Mühasibə verdiyiniz pula qənaət etdikdə, 2-3 dəfə artıq ziyana düşə bilərsiniz.
Biznes tərəfdaşları hər ikisi vergi ödəməlidir?
İki tərəfdaşa bir MMC varsa gəliri bölüb, vergini də yarı-yarı ödəyəcəklər. Ən çox rastlaşılan versiya elə bu formada olur. Amma daha yaxşı olardı ki, hər iki şəxs ayrılıqda özünə MMC qursun. Bank hesabı, mağaza və bütün biznes proseslər bir MMC tərəfindən həyata keçirilsin, digər tərəfdaş MMC-ə isə podratçı kimi ödəniş edilsin. Məsələn, mağazanın 100K gəliri var, MMC-nin biri digərinə podratçı kimi 50K ödəniş edir və bu 50 000-i podratçıya etdiyi ödəniş xərci kimi yazır. İkinci MMC də həmin ödənişdən gəlir vergisi ödəyir. Deyə bilərsiniz ki, yenə də eyni xərc çıxır. Amma ayrı-ayrı iki MMC olduqda hər bir tərəfdaşın özünün əməliyyatları olur, ayrıca mağaza aça, başqa adamlarla tərəfdaşlıq edə, investisiyalar qəbul edə, bir sözlə sərbəst davrana bilir.
İkiqat vergitutmadan necə yayınmaq olar?
Korporasiyanız varsa (INC), mütəxəssislə məsləhətləşmədən biznes hesabından pul nağdlaşdırmayın. Çünki bu zaman öhdəliyinizə bir sıra vergi düşə bilər. Burada biznes vergisi çox vaxt məlumat xarakerli olur. IRS biznesin rəhbərinə baxır. Yəni, X LLC-nin rəhbəri X şəxs 100 000 dollar pul qazandı. Bu qazancın vergisi verilməlidir. Və artıq IRS bu vergini X şəxsdən tələb edir.
Şirkət “S corp” olduqda isə xeyli qənaət etmək olur. IRS biznesə görə bir vergi alır, digər vergini isə maaşa görə alır. Biznesin rəhbəri işçiyə görə yüksək vergi verməmək üçün aylıq özünə (o cümlədən digər işçilərə) mümkün qədər az maaş qeyd edir. Amma S corp sahibi bank hesabına heç bir tutulma olmadan rahatlıqla pul qoya və çıxarda bilir.
ABŞ-da dropshipping-lə məşğul olan zaman vergi ilə bağlı qarşınıza çıxa biləcək əsas sualları cavablandırmağa çalışdım. Əgər bu biznes sizə də maraqlıdırsa, Dropshipping-lə bağlı bloqumda biznesin qurulması, saytın yaradılması, digər saytlar vasitəsilə satış, məhsul məsləhətləri haqqında xeyli yazılar var.
Hardan başlayacağınızı bilmirsinizsə, birinci, Dropshipping biznesi nədir və necə başlamaq olar?-dan başlayın.