Neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan. Dil öyrənmək həmin dildə danışan insanların mədəniyyətini, tərbiyəsini, dünyagörüşünü, tarixini, coğrafiyasını, düşüncə tərzini öyrənməkdir. Hər yeni dil həm şəxsi, həm də peşəkar sferada bizim qarşımızda yeni imkanlar açır.

Bu dəfəki postumda sizinlə xarici dil öyrənmək üçün istifadə olunan, şəxsən sınaqdan keçirdiyim ən yaxşı mobil tətbiqlərdən söhbət açacam.

Duolingo (Android, iPhone, iPad)

Duolingo dünyada ən çox tövsiyə olunan dil öyrənmə tətbiqidir. 200 milyondan çox qeydiyyatlı istifadəçisi olan bu tətbiqlə dil öyrənmək çox əyləncəlidir. Gündə cəmi 20 dəq. sərf etməklə İngilis dilini həm maraqlı, həm də tez bir zamanda öyrənə bilərsiniz.

Duolingo sizə yeni sözləri, ifadələri və qrammatik qaydaları oyun oynayaraq öyrədəcək. App sizin gündəlik fəaliyyətinizi izləyir, hər dərsin sonunda irəliləyişiniz barədə hesabat təqdim edir.

Busuu (Android, iPhone, iPad)

Busuu dil öyrənmək üçün tövsiyə olunan ən yaxşı app-lərdən biridir. Bu mobil tətbiq vasitəsilə dünyada 90 milyondan artıq insana 12 dil kursu təqdim olunur. İngilis dili danışığınızı inkişaf etdirmək üçün Busuu-da ingilisdilli insanlarla söhbət edə bilərsiniz.

LingoMax (iPhone, iPad)

İngilis dilini ən asan yolla öyrənmə vasitəsi! Bu tətbiq vasitəsilə siz ingilis dilini əyləncəli oyun formatında öyrənə bilərsiniz. LingoMax-ın təkrarlama sistemi sayəsində gündə cəmi bir neçə dəqiqə istifadə etməklə 8 yeni söz öyrənmək mümkündür. Tətbiqdə istifadəçilərə 38 mövzu üzrə hər səviyyəyə uyğun sözlər öyrədilir.

Babbel (Android, iPhone, iPad)

Babbel proqramında öyrənmək üçün 14 müxtəlif dil təqdim olunur. Babbel-in əsas hədəfi əsasən xarici dildə söhbət bacarıqlarını inkişaf etdirməyə yönəlib. Dərslərin mövzuları özünü təqdim etmək, yemək sifarişi vermək, səyahət planlaşdırmaq kimi gündəlik həyatdakı ünsiyyət ehtiyaclarını qarşılamağa yönəlib.

Rosetta Stone (Android, iPhone, iPad)

Rosetta Stone sizə ingilis dilini elə sadə üsulla öyrədəcək ki, sanki bir uşağın dili öyrəndiyi kimi. Bu tətbiqdə siz dərsləri canlı müəllimlərlə keçə bilərsiniz. Tətbiqdə olan nitq tanıma texnikası sayəsində yanlış dediyiniz sözləri düzəldəcəksiniz.

British Council – Learn English Grammar (Android, iPhone, iPad)

Learn English Grammar ingilis dilini öyrənmək üçün istifadə olunan sadə bir tətbiqdir. Tətbiqdə bütün səviyyələr üzrə öyrənənlər üçün qrammatikaya aid 12 mövzu, hər mövzuya uyğun 20 fəaliyyət var.

Tandem (Android, iOS)

Tandem milyonlarla üzvü olan ən böyük dil mübadiləsi icmasıdır. Siz burada öyrənmək istədiyiniz yeni dili doğma dil daşıyıcısı ilə növbəti səviyyəyə yüksəldə bilərsiniz. 160-dan artıq dil üzrə lüğətinizi genişləndirə, tələffüzünüzü mükəmməlləşdirə bilərsiniz.

Qeyd etdiyim tətbiqlər şəxsi təcrübəm əsasında ən yaxşı hesab etdiklərimdir. Bəs siz dil öyrənmək üçün hansı tətbiqlərdən istifadə edirsiniz? Şərhlərdə fikirlərinizi bölüşməyi unutmayın.