Video hazırlayıb, Youtube üzərindən biznes qurmağa hər adam cəsarət etmir. Bunun bir sıra səbəbləri var. Ola bilsin ki, kimsə video hazırlaya bilmir, başqa biri özünü kamera önündə xarizmatik hesab etmir, digəri video hazırlamaq prosesini uzun və sıxıcı iş hesab edir və yaxud hazırlamaq istəsə belə, nəyi necə edəcəyini bilmir.
Bu işdə əsas məsələ Youtube-dan pul qazana bilmək üçün yaxşı bir niş tapmaqdır. Bu yazımda sizinlə YouTube-dan asanlıqla pul qazanmaq üçün 2 niş sahə, video hazırlamaq proqramları, mənbələr və videonun hazırlanması prosesi barədə məlumat verəcəyəm. Nəzərinizə çatdırım ki, tanıdığım yoldaşlar bu üsulla aylıq 20000$+ Youtubedan gəlir əldə edirlər.
Əlbəttə ki, sizə “bir gecədə varlanacaqsınız” sözünü verə bilmərəm. Çünki varlanmağın yolu istənilən halda işləməkdən keçir. Youtube alqoritminin sizi qəbul etməsi üçün davamlı olaraq həftədə bir neçə video paylaşmalısınız. Bu davamlılığın nəticəsində videolardan biri axır ki, sizin istədiyiniz baxış sayını qazanacaq.
Niş 1 – Meditasiya videoları
Meditasiya videolarına baxdıqda görürük ki, videolar sadə bir şəkil, mikrofonla səslənmə və sakitləşdirici musiqidən ibarət olur. Belə videolar müxtəlif uzunluqlu, bəzilərində fonda təbiət səsləri olan videolardır ki, bəzən 100 000-lərlə baxış qazanır. Videolara baxdıqda görə bilərsiniz ki, eyni şəkil bütün video boyunca dəyişməz olaraq qalır. Social blade-də bir meditasiya kanalından olan videonun təhlilini aparsaq görərik ki, bu videonun aylıq olaraq 7000-60.000 arası baxış sayı var.
Nümunə kimi digər bir kanalı nəzərdən keçirək. Bu kanal davamlı olaraq videolar paylaşır. Hətta şəkli skrin etdiyim vaxt eyni zamanda 18 canlı yayım gedirdi. Bu davamlılığın nəticəsidir ki, kanal aylıq 48.300 – 416 500$ gəlir əldə edir.
Niş 2 – Statistik videolar
Statistika insanlara həm qısa və konkret, həm də dəqiq məlumat təmin edir. Bu səbəbdən də statistikaları izləmək həmişə maraqlıdır. Statistika videolarının qazandığı baxış sayını bilmək üçün Youtube-da Data Ranker, Ranking Man, Animated Stats, Wawamu Stats, Data is Beautiful və s.kanallara göz atın. Buradakı videolar gün ərzində 100 000-lərlə baxış sayı və aylıq 20 000 dollara qədər gəlir qazandırır.
Əlbəttə, sual yaranacaq ki, fon musiqisini, şəkilləri və ssenarini hardan götürmək olar? Belə videoları hazırlamaq üçün aşağıdakı addımlara nəzər salın.
Freelancer-lərlə iş
Fiverr.com saytına gedib, bu işi sizin üçün görə biləcək freelancer-ləri tapa bilərsiniz. Məsələn, “Meditation script” yazıb, axtarış verin. Burada çox ucuz qiymətə sizin üçün meditasiya ssenariləri yazan, səsləndirməni həyata keçirən, fon videosu və şəkilləri hazırlayan bir çox təkliflər çıxacaq. Bu xidmətlərin hər hansı birindən və ya hamısından birdən 5-30$ arası qiymətlərə yararlana bilərsiniz.
Heç pul xərcləmədən, işləri özünüz həyata keçirmək istəyirsinizsə, növbəti addımlara baxın.
Şəkil seçimi
Pexels və ya Unsplash saytlarında istifadə edə biləcəyiniz minlərlə pulsuz və müəllif hüquqlarından azad şəkil və videolar var. Axtarış yerində müvafiq açar sözlərini yazmaqla videoya uyğun xeyli pulsuz şəkil, video seçib yükləyə bilərsiniz.
Flourish
Flourish.studio ölkələr üzrə statistikaları tapıb, ödənişsiz yükləyə biləcəyiniz statistika portalıdır. Burada tamamilə müxtəlif sahələr üzrə statistik videoları seçə bilərsiniz. İnsanların daha çox hansı məlumatlara ehtiyacı olduğunu öyrənmək üçün ilk 10 videonu tamamilə müxtəlif sahələr və növlər üzrə seçin. Bundan sonra, videonu ekrandan çəkərək, paylaşacağınız videoda istifadə edin.
Bəs ekrandan videonu necə çəkmək lazımdır?! – Bunun üçün Obsproject saytından istifadə edə bilərsiniz. Proqramı laptop-a yükləyərək çox asan üsulla ekran videsunu çəkmək olar.
Səs effektləri
Növbəti addım video üçün lazımlı audionu tapmaqdır. Bilirsiniz ki, YouTube istifadəçilərə müəllif hüququ olan bir sıra audioları öz videolarında istifadə etməyə icazə vermir. YouTube-da şəkildə qeyd olunan linkə daxil olaraq, siz audionu pulsuz yükləyib öz videonuz üçün istifadə edə bilərsiniz. Bu linkdə həmçinin audio növlərinə görə seçim etmək, audionu yükləmədən öncə dinləmək də mümkündür. http://youtube.com/audiolibrary/music
Digər bir mənbə isə Soundjay portalıdır. Siz tamamilə pulsuz olaraq bu saytdakı mp3 səsləri (yağış, şəlalə, quş səsləri və s.) yükləyərək, öz videonuzda istifadə edə bilərsiniz.
Əlavə mənbələr
Əlavə mənbələr tapmaq üçün sizinlə bir neçə ipuclarını paylaşa bilərəm.
Birincisi, baxış sayı çox olan videoların təsvir hissəsində çox zaman mənbə qeyd olunur. İnanın ki, burada siz hər zaman yeni və maraqlı mənbələr kəşf edə biləcəksiniz.
İkincisi, Reddit sosial şəbəkəsində minlərlə video nümunələri var. Bu video nümunələrini yenə də Obsproject -in köməyilə istifadə edə bilərsiniz.
Üçüncü və ən böyük təklifim isə hazırlayıb, bloqumda paylaşdığım Dizayn işlərinizi asanlaşdıracaq 200+ resurs yazısını mütləq nəzərdən keçirməyinizdir. Burada siz, adından da göründüyü kimi, dizaynla bağlı 200-dən artıq mənbə tapacaqsınız.
Video editor
DaVinci Resolve 16 adlı pulsuz proqramı yükləməklə videonuzu çox sadə və sürətli üsulla hazırlaya bilərsiniz.
Beləliklə, DaVinci Resolve 16-nin pulsuz versiyasını yükləyirsiniz. Proqram yükləndikdən sonra onu açıb, aşağıdakı şəkildəki kimi Yeni Layihə yaradırsınız.
Ekranda videonu hazırlayacağınız editor sahəsi açılacaq. Öncəki mərhələlərdə yüklədiyiniz audio və şəkli dartaraq ekranın sol yuxarı küncündə olan sahəyə atırsınız. Faylları bu sahəyə atdığınız zaman açılan pop-up pəncərəsində “change” komandasını verirsiniz. Çünki siz yüklədiyiniz audio və visual faylları bu proqramda dəyişəcəksiniz.
Növbəti addımda şəkil/video və audionun eyni video içərisində yer ala bilməsi üçün həmin şəkil və audionu mouse-un kursoru ilə dartaraq, timeline-a yükləyirsiniz.
Yüklədiyiniz videonun özündə səs varsa, faylın yanındakı “lock” işarəsinə vurursunuz, alt qata avtomatik düşmüş audio faylın üzərinə klikləyərək “delete” işarəsini vurun. Bu zaman video qalacaq, videonun səsi isə silinəcək.
Bundan sonra, siz ayrıca yüklədiyiniz mp3 faylı editora əlavə edə bilərsiniz. Audio faylın həcmi şəkildən daha böyükdürsə, şəklin bütün video boyunca fonda qalması üçün onu audionun uzunluğuna uyğunlaşdırmalıyıq. Bunu da çox sadə üsulla həyata keçirmək olar. Belə ki, kursor ilə şəklin sağ küncündən tutaraq, audionun bitdiyi yerə qədər dartmaq lazımdır.
Şəkil, səs effektlərini bir-birinə uyğunlaşdırılması işini bitirdinizsə, indi ümumi videonun daha yaxşı görünməsi üçün burada şəklin küncündən dartaraq ekranın kənarlarına tam uyğunlaşdıra bilərsiniz.
Video faylı səsdən kiçik olduqda
uzatma prosesini bir az fərqli həyata keçirməli olacağıq. Videonu dartıb uzatmaq mümkün olmadığına görə onu kopyalayıb, ardına yerləşdirməliyik. Lakin bu zaman diqqətli olmaq lazımdır. Çünki adətən videonun əvvəlindəki görüntü effekti ilə axırlara doğru olan effekt fərqli olur.
Məsələn, əgər yağış videosudursa, videonun əvvəlində daha sakit, sonlarında isə daha sürətli ola bilər. Bu zaman siz eyni videonu kopyalayıb, bitmiş videonun ardına yerləşdirdikdə görüntüdə kəskin qırılma baş verəcək. Bizə isə izləyicini rahatladan səs və görüntü lazımdır. Kəskin qırılmanın qarşısını almaq üçün birinci videonun arxasına kopyalayıb yerləşdirdiyimiz ikinci videonu güzgü effekti ilə çevirmək lazımdır.
Bunun üçün ikinci videonun üzərində mouse-un sağ düyməsini sıxıb, “change clip speed” seçimini etmək, bundan sonra isə açılan yeni pəncərədə “reverse speed” komandasını verərək “change” düyməsini sıxmaq lazımdır. Bu üsulla videonun müddətini istədiyimiz qədər uzada bilərik.
Audio effektin uzadılması üçün
yerləşdirdiyiniz audionu kopyalayaraq, alt qatda birinci audio bitməmiş, bir az öncəki yerə yerləşdirirsiniz. Çünki audio bitdikdən sonra ikincisi yerləşdirilsə, yenə də səsdə qırılma hiss oluna bilər. Bitməmiş yerləşdirildikdə isə ikinci səsə keçid hiss olunmur.
Danışığı da eyni qaydada audiodan aşağı hissəyə əlavə etmək mümkündür.
Videonu bitirmək istədiyiniz yeri mouse-un kursoru ilə işarələyib, qalan hissəni sağ düymə vasitəsilə silmək olar. Sona çatdınızsa, audio və video görüntünü yumşaltmaq, bununla da videonun bitməsi mesajını vermək lazımdır. Bunun üçün yenə də mouse-un kursoru vasitəsi ilə video və audionun sonluğunu dartaraq azaltmaq lazımdır. Nümunə üçün şəklə baxın.
Belə olduğu halda görüntü yavaş-yavaş qaralacaq, səs isə azalacaq.
Prosesin tam bitdiyinə əminsinizsə, qeyd olunan faylların sonluğunu bütövlükdə seçib, File menyusundan Quick Export seçimini edərək, hazırladığınız videonu birbaşa YouTube-a eksport edə bilərsiniz.
Şəkillər sürətli açılması üçün sıxışdırılıb, buna görə azca keyfiyyətsiz görünə bilər. Tezliklə, yazılarımın video variantınıda hazırlayacam.
Satış etmək
Davamlı video yerləşdirdikdən sonra 100 minlərlə baxış sayı qazanacaqsınız.
Bəs pul necə? Qazanmaq olacaq? Deməliyəm ki, bu elə də asan iş deyil.
Buna görə də yerləşədirdiyiniz videolarda məhsul satmağı sizə məsləhət görərdim. Məhsul hazırladığınız meditasiya videosunun elə özü ola bilər. Bunun üçün Sellify adlı portalda video məhsulunuzu sata bilərsiniz. YouTube reklamlarından qazana biləcəyinizdən daha artığını bu saytda qazana bilərsiniz.
Əgər öz məhsulunuz yoxdursa, Clickbank saytına gedib, Manifest axtarışını həyata keçirirsiniz.Xatırladım ki, Clickbank Azərbaycanı dəstəkləmir.Bunun üçün ip-nizi VPN ilə dəyişib qeydiyyat ola bilərsiniz.Clickbankda axtarış nəticələri çıxdıqdan sonra isə məhsulları “Gravity” görə filterdən keçirirsiniz.
Şəkildən göründüyü kimi məhsulda Gravity 178.09 xal, hər satışa görə isə 34.92$ qazanc əldə edə bilirsiniz. Sizin etməli olduğunuz Promote düyməsinə klikləməkdir. Açılan pəncərədə istifadəçi adınızı qeyd edib, link yaradırsınız. Həmin linkə kimsə klikləyib məhsulu satın alsa, sizin qazancınız 34.92$ olacaq.
Bu üsul marketing-də Affiliate marketing adlanır. Yəni, kiminsə məhsulunun üçüncü şəxsə satılmasında vasitəçi rolu oynayaraq gəlir əldə etmək olar. Bu bizneslə maraqlanırsınızsa, Amazon Affiliate mağazası ilə bağlı yazımı da oxuyun.
Sonda demək istəyirəm ki, asan yolla xeyli sayda YouTube videoları hazırlamaq mümkündür. Ən yaxşısı oxşar məşhur kanallardan birini özünüzə nümunə götürüb, ən çox baxış sayı olan videolara bənzərini özünüzün yaratmağınızdır. Kanalda olan şəkil, video və audioların eynisini tapmaq məsləhət deyil. Öz məhsulunuzu yaratmaq sizə daha çox üstünlük gətirəcək. YouTube kanalı yaratmaq və tanıtmaq yollarını isə bloqumda oxuyun.