Koronavirusun bu qədər insanın həyatına mənfi təsir göstərdiyi bir zamanda bir sual vermək istəyirəm.
Biz Koronavirusdan qorxmalıyıq?
Bütün dünyada virusa yoluxanların və ölənləri sayı hər gün sürətlə artır. Yersiz narahatlıq yaratmaq istəməsəm də, inanmaq istəyirəm ki, həyati əhəmiyyətli bu təhlükədən özünüzü qorumaq üçün nələrsə edirsiniz.
Mən isə sizinlə Koronavirusa qarşı necə mübarizə apardığım, həmçinin işim, sağlamlığım, qazancımla bağlı hansı işləri gördüyüm barədə danışmaq istəyirəm.
Koronavirus mənim də həyatıma mənfi təsir göstərib.
O, səyahətdən tutmuş işlərimə qədər bütün planlarımı dəyişib. Amma gəlin unutmayaq ki, media hər şeyi şişirtməyi xoşlayır. Onların işi insanlarda qorxu, tərəddüd yaratmaqdır. Bunun sayəsində onlar insanların diqqətini cəlb edir, videolarına, xəbərlərinə gələn baxış sayını artırır, qarşılığında isə daha çox pul qazanırlar. Demək, cəmiyyətin düşdüyü qorxu, panika işlərinə yarayır.
Böyük ehtimalla, media bu Koronavirusu olduğundan qat-qat artıq təqdim etməyə çalışır. Koronavirus ətrafında yaranan söz-söhbət, qorxu marketlərdə kütləvi satışlara, isterik hərəkətlərə gətirib çıxarır.
Belə düşünməyimə baxmayaraq, vəziyyət daha da ağırlaşarsa, özümü, sağlamlığımı, işimi və qazancımı qorumaq üçün planlarım hazırdır.
Beləliklə, başlayıram!
Maliyyə
Son illər məhşur maliyyə ekspertlərinin youtube kanallarını və bloqlarını izləyirdim və bəzilərinin kurslarını belə alıb bitirmişdim.
Çoxu ekspert təxmin eləmişdiki 2020-ci il böhran ili olacaq və məndə özümü bu ilə hazırlamışdım ki, səhm bazarında qiymətlər düşəndə inandığım şirkətlərin səhmlərini alım. Belə görürəm ki, böhrana doğru gedirik və artıq hansı səhmləri alacağım barədə plan hazırlayıram.
Warren Buffetin yaxşı bir sözu var, deyir ki, investor olaraq sən başqaları acgöz olduğu vaxt ehtiyyat eləməlisən, onlar qorxduqda isə acgözlük eləməlisən.
Mən inanıram ki, belə bir böhran vaxtında insanların qorxub əllərindəki səhmləri satdığı və səhmlərin qiymətinin qat qat düşdüyü zaman səhm alıb bir xeyli vaxt saxlayıb gözləsəm, maddi durumumu ən az 5-10 dəfə artırmış olaram.
Bundan əlavə ən azı 6 aylıq TƏCİLİ lazım olaca biləcək bir pul ehtiyyatının bir qırağda saxlamağın çox vacib olduğunu düşünürəm.
Biznes
Karantin dövründə onlayn biznesi olanların pul qazanmaq kimi dərdi olmur.
Məsələn, Onlayn mağazaları olanların çoxuna bu virus elə də təsir etmədi. Amma belə dövrlərdə insanlar fabriklərdə işləmir, məhsul istehsal etmirsə, bu sizin də biznesinizə mənfi təsir göstərə bilər. Buna görə də siz öncədən təchizatçınızla danışıqlar aparmalısız və yaxud da Hindistan, Vyetnam kimi digər ölkələrdən ehtiyat bir təchizatçı tapmalısınız.
“Yaxşı bəs mən online mağazanı necə quracam?” kimi sualınız varsa, daha öncə sizin üçün hazırladığım Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) -ı nəzərdən keçirin.
Belə bir krizis dövründə onlayn biznesin ən üstün cəhətlərindən biri evdən işləyə bilməkdir. Əgər ehtiyac yaransa, mən aylarla evdən çıxmaram, işlərim də qaydasında gedər. İstədiyim vaxt məkanı dəyişə bilmək kimi sərbəstliyim var. Amma sizin maliyyə vəziyyətiniz 9-6 iş rejimində çalışmaqdan asılıdırsa, özünüzü daha çox təhlükəyə atırsız.
Hal-hazırda həm e-ticarət, həm də mobil tətbiqlər bizneslərim üzərində işləyirəm. Əsas diqqətimi e-ticarət biznesimə yönəltmişəm və bu biznesin qısa zamanda daha da sürətlə böyüyəcəyinə çox inanıram.
Bundan əlavə bloqumda insanlara bu karantin şəraitində yeni bacarıqlar əldə etməkdə faydalı olacaq məlumatlar yazmağa çalışıram.
Sağlamlıq
Sağlamlığa gəldikdə ən əsas məsələ immun sisteminizi güclü saxlamaqdır. Bildiyimiz kimi koronavirus immunitet sistemi zəif olanlara və yaşlılara təsir edir. Siz hər zaman nə yediyinizə fikir verməlisiniz. Ondan daha vacibi isə gərək qorxu və həyəcan içində yaşamayasız. Bu qorxu sizin emosional vəziyyətinizi pisləşdirir.
Unutmayaq ki, əllərimizi tez-tez yumalıyıq və çöldə çox önəmli bir işimiz yoxdursa #evdəqalmalıyıq.
Sağlamlığım üçün mən nə edirəm?
Səhər və axşam immunitetimi güclü saxlamaq üçün 1 saat meditasiya edirəm. İdman zalları bağlı olsada, hər gün evdə idman edirəm.
Son dövrlər xüsusən tənəffüs vasitəsilə keçən viruslara qarşı çoxlu vasitələr alıb yığmışam. Xəstələnəndə və ya xəstələnməyin qarşısını almaq üçün sitrus meyvələrindən çox istifadə edirəm.
Vitamin C, multivitaminləri əlavə kimi qəbul edirəm. Beləliklə də hesab edirəm ki, özümü koronovirusdan qoruya bilirəm.
Biz dünyada baş verənləri idarə edə bilməsək də öz mənəvi, emosional və fiziki vəziyyətimizin qeydinə qala bilərik. Mən Koronavirus qorxusu ilə yaşamasam da, bilirəm ki, virusun potensial mənfi təsirlərindən özümüzü qorumalıyıq. Ümid edirəm ki, tibb aləmi tezliklə bu virusun öhdəsindən gələcək, vaksin yarada biləcək. Amma bu vaksin hazır olana qədər ən yaxşısına ümid etsək də, ən pisinə həmişə hazır olmalıyıq.
Bu arada onuda qeyd edim ki, dostlarımız maraqlı bir sayt yaradıblar Evdeqal.info Karantin vaxtı izləyə biləcəyiniz filmlərdən tutmuş oxuya biləcəyiniz kitablara qədər hər şey var.
Bəs siz virusdan qorunmaq üçün hansı addımları atırsız?