Bir sıra oxucularımın istəyi əsasında YouTube video platformasında kanal yaratmaq, kanalın, videoların axtarışda daha tez tapılması üçün hansı addımları atmaq lazım olduğu barədə yazı yazmağa qərar verdim.
Əvvəlcə belə bir statistikanı nəzərinizə çatdırmaq istəyirəm ki, internet üzərində bütün trafikin 74%-i video kontentin payına düşür. YouTube-da hər gün 5 milyarddan çox video izlənir. Siz də əgər daha uğurlu bir biznes qurmaq, rəqiblərinizdən bir addım öndə olmaq istəyirsinizsə, YouTube-da bir hesab açıb, biznesinizlə bağlı videoları ora yükləməyə başlamalısınız. Bu işi düzgün yerinə yetirməyiniz üçün gəlin mərhələləri bir yerdə keçək.
Google hesabı yaratmaq (əgər yoxunuzdursa)
YouTube kanalı yaratmaq üçün sizin əvvəlcə Google-da hesabınız olmalıdır.
Əgər Google hesabınız yoxdursa
Youtube.com saytında yuxarı sağ küncdə “Sign in” (“daxil ol”) düyməsinə sıxırsınız. Siz avtomatik olaraq Google-ın qeydiyyat səhifəsinə yönləndiriləcəksiniz. Burada əvvəlcə “more options” (“daha çox parametrlər”)
Daha sonra isə “create account” (“hesab yarat”) bölməsinə daxil olursunuz.
Bu addımlardan sonra Google-da hesabınızı yaradırsınız.
Əgər Google hesabınız varsa
Yenə də Youtube.com saytında yuxarı sağ küncdə “sign in” düyməsinə sıxıb, Google-ın səhifəsinə yönləndirilirsiniz. Burada istədiyiniz Google hesabınızla YouTube kanalınızı bir-birinə bağlaya bilərsiniz.
Yeni YouTube kanalı yaratmaq
Yeni YouTube kanalı yaratmaq üçün Youtube.com-da saytın sağ yuxarı küncündə öz istifadəçi panelinizə daxil olursunuz. Burada “Settings” (“Parametrlər”) menyusuna daxil olursunuz.
“Settings”də öz hesabınızın ümumi görünüşünə baxa biləcəksiniz. Settings səhifəsində “Create a new channel” (“Yeni kanal yarat”)-a klikləyin.
İlk işiniz Brend hesabı yaratmaq olacaq. Bu hesabın adı sizin Google hesabınızla eyni olmaya bilər, amma məsləhət görürəm ki, YouTube kanalınızın adı biznesinizin adı ilə eyni olsun.
Brend adını daxil etdikdən sonra siz telefonunuza daxil olan mesajla hesabı təsdiqləməlisiniz.
Təsdiqlədikdən sonra kanalınızın idarə panelinə yönləndiriləcəksiniz.
Kanalı asan tapılan etmək
Bunun üçün sizin kanalınızın əsas məlumatlarını ayarlamalıyıq. Kanalın idarə panelində “Customize channel” (“Kanalın görüntüsünü ayarla”) düyməsini klikləyirsiniz.
Bu zaman siz əsas səhifəyə gedəcəksiniz və aşağıdakı şəkildəki kimi çarxşəkilli düyməni görəcəksiniz.
Bu düyməyə kliklədikdə siz “Advanced settings” (“Ətraflı parametrlər”) bölməsinə gedin.
Burada kanalınız haqqında ölkə, açar sözlər kimi bəzi əsas məlumatları daxil edəcəksiniz ki, insanlar baxmaq istədikləri videolara uyğun kanalınızı rahatlıqla tapa bilsin.
Burada siz həmçinin digər hesabların tövsiyə etdiyi kanal olub-olmamaq istəyinizi qeyd edə bilərsiniz. O cümlədən, Google Ads hesabını əlaqələndirmək, Google Analytics izləmə ID-sini əlavə etmək və Youtube-da müəyyən bir videonuzu reklam etməyə hazır olduqda kanal üçün müxtəlif reklam seçimlərini etmək də bu səhifədə ayarlanır.
Kanala linklər və təsvir əlavə etmək
Yeni YouTube kanalının görüntüsünü ayarlamağın iki yolu var: təsvir əlavə etmək və dizaynı ayarlamaq. Təsvirdə siz kanalınızın ziyarətçilərinə bildirirsiz ki, kanalınız nə məqsədlə açılıb və hansı növdə videolar yayımlanacaq.
Kanalın təsvirini və digər saytlara (əgər varsa) linkləri “About” (“Haqqında”) menyusunda daxil edə bilərsiniz.
Burada siz kanal haqqında məlumat, daha çox açar sözlər (kanalın yaxşı tapılması üçün), əlaqə məlumatları, o cümlədən saytınıza və digər sosial media hesablarınıza linklər əlavə edə bilərsiniz.
Sizin kanalın banner şəklinə 5 dənəyə qədər link əlavə etmək imkanınız var. Bu linkləri əlavə etmək üçün kanalın “About” (“Haqqında”) bölməsinə gedirsiz və burada “+Links”-ə klikləyirsiniz. Və həmin sahəyə istədiyiniz sosial media hesablarınızı və saytlarınızı daxil edə bilərsiniz. Aşağıdakı şəkildə nümunəyə baxın.
Kanala profil şəkli əlavə etmək
Siz kanalınıza profil şəkli də əlavə etməlisiniz. O, videolarınızın altında aşağıdakı şəkildəki kimi görünəcək.
Əgər hesabınız yuxarıdakı addımlarda izah etdiyim kimi Brend hesaba bağlıdırsa, şəkli Google hesabınızın About bölümündə dəyişməlisiniz. Bu, həmçinin hesab adına da aiddir.
Profil şəklinizin altında “change”(“dəyiş”) düyməsini kliklədikdə aşağıdakı kimi mesaj çıxacaq:
“Edit” (“redaktə et”) düyməsinə sıxmaqla profil şəkli də daxil olmaqla Brend hesab məlumatlarınızı redaktə edə bilərsiniz. Profil şəkli üçün 800 x 800 piksel ölçüsündə şəkil yerləşdirmək məsləhətdir. Bu şəkil YouTube kanalınızda da görünəcək.
Banner şəkli daxil etmək
İndi isə gəlin, Youtube profilinizə banner şəkli əlavə edək. Kanal görüntüsünü ayarladığınız səhifədə yuxarı hissədə boz rəngdə sahənin yuxarı sağ küncündə kiçik karandaş işarəsinə klikləyirsiniz. Burada “Edit channel art” (“Kanalın şəklini redaktə et”) seçimini edirsiniz.
Kanala banner şəkli yerləşdirməkdə ən qəliz məsələ şəklin mobil telefon, kompüter və TV-nin ekran ölçülərinə uyğun gəlməsidir.
Yaxşı ki, Google hər ekran üçün lazım olan ölçüləri istifadəçilərə təqdim edib.
Yuxarıdakı şəkildə də göründüyü kimi YouTube banner şəkliniz 1546 x 423 ölçüsündən kiçik, 2560 x 423 ölçüsündən isə böyük olmamalıdır ki, bütün ekran ölçülərinə uyğun gəlsin. Şəklin həcmi isə 6 MB-i keçməməlidir.
Video əlavə etmək
Videoları əlavə etməyə başladıqdan sonra onların axtarış zamanı asan tapılmasını istəyəcəksiniz. Video üçün ad seçmək vacib məsələ olsa da, siz təkcə bununla kifayətlənə bilməzsiniz.
Görəcəyim ilk məsləhət, əgər youtube kanalı yaratmaq qərarına gəlmisinizsə Tubebuddy Chrome Extensionundan istifadə etməlisiniz. Demək olar bütün məhşur youtuberlər bu extensiondan istifadə edir. Bu extension sizə video paylaşdıqda məsləhətlər verəcək, hansıki əməl etsəniz videonuza daha çox orqanik baxış gələcək.
YouTube kanalınızı axtarışa optimallaşdırmaq üçün aşağıdakı məsləhətlərə riayət edin.
Ad
Video axtaranda diqqətimizi birinci videonun adı çəkir. Addan asılı olaraq istifadəçi baxıb-baxmamağa qərar verə bilər. Ona görə də ad aydın və dəqiq olmalıdır.
Təsvir
Videonun təsviri maksimum 1000 işarədən ibarət ola bilər. Yadınızda saxlayın ki, istifadəçi kanalınıza videoya baxmağa gəlib, yazı oxumağa yox. Videonun altında ilk 2-3 sətir görünür, ona görə də əsas məlumatı ilk 100 işarədə verməyə çalışın.
Videonun şəkli (thumbnail)
Youtube-da videonuzun ön sıralarda görməsinin əsas səbəblərindən biridə videonun şəklidir. Videonun şəkli nə qədər cəlbedici olsa istifadəçi o qədər çox istəyəcək ki, o videoya klik eləsin. İstifadəçi əgər hər gördüyündə klik edəcəksə o zaman videonuzu youtube həmin açar sözlərində daha ön sıralara çəkəcək. Deyərdimki videonun baxışını artırmaq üçün ən önəmli məqamlardan biridə cəlbedici thumbnail hazırlamaqdır.
Thumbnail düzəltmək üçün məsləhət görəcəyim ən ideal proqram Thumbnail Blaster-dir.
Məhşur youtuberlərin çoxusu Thumbnail Blaster istifadə edir və asanlıqla videolarına xeyli sayda izləyici kütləsi yığa bilirlər.
Etiketlər
Etiketlər həm izləyicilərə, həm də YouTube-a videonu nə barədə olduğunu məlumat verir. Etiketlər sayəsində YouTube videolarınızı oxşar videolar ilə uyğunlaşdırar, bu üsulla da sizin videonuzu izləyicilər tez tapa bilər. Amma diqqətli olun. Videonuzun adına uyğun olaraq etiketlər üçün yalnış sözlər seçməyin. Buna görə Google sizi cəzalandıra bilər. Mən öz videolarım üçün RapidTags saytından istifadə edirəm. Pulsuz videonun adını yazmaqla mənə ən uyğun etiketlər siyahısını çıxarır.
Kateqoriya
Kateqoriya seçmək YouTube-da sizin videonuzun oxşar videolar ilə qruplaşdırılması üçün başqa bir üsuldur. Amma bu sizə bir az çətin gələ bilər. YouTube-un Yaradıcı (Creator ) Akademiyası bildirir ki, marketoloqlar hər kateqoriya üzrə nəyin yaxşı olduğunu tapmaq üçün aşağıdakı sualları özlərinə verməlidirlər:
- Kateqoriya üzrə əsas video yaradıcıları kimlərdir?
- Onlar nə ilə məşhurlaşıblar və nəyi yaxşı edirlər?
- Oxşar kateqoriyadakı videoların ortaq keyfiyyətləri nələrdir (videonun uzunluğu, formatı və s.)?
Beləliklə, siz artıq rəsmi olaraq bir YouTube kanalı yaratmısız və bu kanalın axtarışda sürətli tapılması üçün onu optimallaşdırdınız. Bloqumda Online mağaza yaratmaq, Saytdan pul qazanmaq, Growth hacking strategiyaları, Drop servicing vs Dropshipping, Ən yaxşı internet biznesi, Ən yaxşı hostinq provayderlər, Android tətbiqi yaratmaq və s. mövzular barədə məlumatlar oxuya bilərsiniz. Bu sahələrdə daha hansı mövzuları öyrənmək və məlumat almaq istəsəniz, şərhlərdə qeyd edin, bildiklərimi sizinlə bölüşüm.
Postunuzu oxudum eladir👍 Daha cox gelsin bele postlar👍
Cəmiyyətdə sizin kimi peşəkarlar formalaşdıqca və bildiklərini paylaşmaqla dəyər qatdıqca parlaq gələcəyə və parlaq gəncliyə ümid daha da çoxalır. Var olun!
Hər bir postunuz çox faydalıdır. Təşəkkür edirəm məlumatlar üçün 🙏👌