2005-ci ildə fəaliyyətə başlayan Etsy dünyanın ən böyük onlayn marketplacelərindən birinə çevrildi. 35.8 milyon alıcı və 1.98 milyon satıcısı olmaqla, Etsy-nin ümumi 54 milyon üzvü, 50 milyondan artıq məhsul növü var. Etsy-də satışı öyrənmək böyük işdir. Siz də Etsy-də özünüzə biznes qurub, satışlar həyata keçirmək istəyirsinizsə, bu yazı sizin üçündür.
Məzmun
Etsy nədir?
Etsy incəsənət məhsulları, əl işləri və vintaj məhsullarının alınıb-satıldığı elektron ticarət platformasıdır. Belə məhsulları digər onlayn mağazalarda tapmaq çətindir. Etsy alıcıları bura əsasən əl işləri axtarmağa gəlirlər.
Bura həmçinin sənətkarlar üçün sanki sərgi salonudur. Onlar həm öz işlərini nümayiş etdirir, həm də şəxsi sayt yaratmadan orada satış həyata keçirirlər. Etsy-də əsasən vintaj tipli, əllə hazırlanmış sənət nümunələri, xüsusi çap olunmuş geyimlər, uşaq oyuncaqları və s.kimi məhsullar satılır. Məhsulun vintaj hesab olunması üçün ən azı 20 yaşı olmalıdır.
Etsy həmçinin dünyadakı incəsənət nümunələri və kolleksiya məhsullarının satışını həyata keçirən bir nömrəli platformadır. Qeyd etməliyəm ki, Etsy özü məhsul yaratmır. O, alıcı və satıcı arasında vasitəçi rolunu oynayır. Etsy-nin baş ofisi Nyu Yorkda Bruklindədir.
Satışdan başqa, Etsy üzvləri üçün “Etsy labs” adlı əl işləri dərsləri keçirir. Bu dərslərdə insanlar yeni bacarıqlar qazanır, mövcud bacarıqlarını inkişaf etdirirlər.
Etsy-də satış etmək neçəyə başa gəlir?
Etsy-də hesab yaradıb, bir məhsul yerləşdirməyin qiyməti 0.20$-dır. Bir məhsul 4 ay ərzində və ya satılana qədər saytda aktiv olur. Məshul satıldıqdan sonra satış qiymətinin 5%-i qədərində köçürmə haqqı tutulur.
Bir çox insanlar qısa müddətdən sonra satış edə bilmədiklərinə görə şələ-külələrini yığışdırıb, mağazalarını bağlayırlar. Bu halda məsələnin pis tərəfi odur ki, satıcı paylaşdığı məhsullara görə hələ də ödəniş etməli olur. Buna görə də Etsy biznesinə başladıqda uzunmüddətli gəlir-xərc məsələlərini nəzərə almaq vacibdir. Xüsusən də əgər sizin satmağa çoxlu məhsulunuz varsa.
Etsy mağazasının xərcləri
Etsy-nin əsas üstünlüyü odur ki, mağazanı açmaq pulsuzdur. Amma pulsuz olan yalnız budur. Etsy hər paylaşıma görə 0.20$ standart tarif tətbiq edir. Bundan sonra paylaşım 4 ay ərzində saytda aktiv qalır. İndi isə gəlin baxaq paylaşım deyəndə nə nəzərdə tutulur.
Etsy-dəki paylaşım digər market platformalarındakından fərqlənir. Bu onlayn marketplacedə paylaşım və məhsul eyni mənaya gəlmir. Bir paylaşıma bir sıra məhsullar daxil ola bilər.
Məsələn, tutaq ki, satıcı papaq satır və bu papağın bir çox rəngləri var. Bu zaman alıcı istənilən rəngi seçib ala bilsə də, məhsulların hamısı bir paylaşım hesab olunur. 4 aydan sonra satıcı istəyinə uyğun olaraq həmin papağı avtomatik və ya manual olaraq öz dükanında yenə də 0.20$-a yeniləyə bilər. Onlayn satış sahəsində yeni olan şəxs üçün avtomatik yeniləmə daha asan görünür, amma maliyyə tərəfindən baxsaq manual yeniləmə daha məqsədəuyğundur. Bu üsulla növbəti 4 ay üçün məhsulu yeniləməmişdən əvvəl hansı məhsulların daha çox gəlir gətirdiyini, hansıların daha çox xərc tələb etdiyini öyrənə bilərsiniz. Nəzərə alın ki, əgər mağazanızda 100 paylaşım varsa, hər 4 ayda bir dəfə 20$ ödəməli olacaqsınız. Və bu müddət ərzində heç bir satış həyata keçirməsəz, sizin üçün bu ödəniş sadəcə artıq xərcə çevrilə bilər.
Xərc ancaq 0.20$-dan ibarətdir?
Adətən satıcılar paylaşımı məhsul ilə səhv salırlar və diqqətlərindən qaçır ki, paylaşımın və yenilənmənin ödənişi satışda olan məhsulların sayından asılıdır. Daha aydın olması üçün misallarla başa salım.
Misal 1. Satıcı əl ilə hazırlanmış masalar satır. Masa satılır, satıcı isə paylaşımı yeni bir masa ilə əvəzləmir. Satıcı masanı paylaşmaq üçün əvvəlcə 0.20$ ödəyir. Masa satıldıqdan sonra satıcı paylaşım üçün əlavə ödəniş etmir. (Daha sonra digər ödənişlər barədə məlumat verəcəyəm.)
Misal 2. Satıcı 5 müxtəlif rəngi olan köynəyi satışa qoyur. O, paylaşımı hazırladığı zaman anbarda 6 köynək olur. Beləliklə, növbəti 4 ay ərzində satıcı 6 köynək üçün ümumi 0.20$ ödəyəcək. Bu müddət ərzində satış olmadıqda satıcıdan paylaşımın yenilənməsi üçün növbəti 0.20$ ödəniş çıxılır. Əgər satıcı köynəklərin birini satırsa, proses sıfırlanır, paylaşım avtomatik olaraq yenilənir və qalan 5 köynək üçün yeni 4 ay müddət başlayır. Satıcı həmin paylaşıma köynəyin yeni rənglərini daxil etmək istədikdə bunu əlavə ödəniş etmədən həyata keçirə bilər. Beləliklə, satıcı yalnız hər dəfə satış həyata keçirdikdə bütün köynəklər satılana qədər aylıq yenilənmələr baş verir. Amma alıcı bir sifarişlə 3 köynək almaq istəsə, satıcıdan 0.60$ ödəniş çıxılır. Axırda isə 3 köynək üçün ödəniş edildiyinə baxmayaraq, paylaşım avtomatik olaraq yenilənir.
Köçürmə üçün ödəniş
Amazon və eBay-də olduğu kimi satıcı biznesini Etsy-də yürütmək üçün digər ödəniş növlərini də həyata keçirməlidir. Ən birincisi elə hər məhsul satıldıqda satıcıdan məhsulun qiymətinin 5%-i köçürmə haqqı kimi çıxılır.
Etsy-də reklam etmək
İstifadəçilər öz məhsullarını Etsy-də reklam da edə bilərlər. Minimum məbləğ gündəlik 1$-dır və sistem klikə görə ödəniş (cost per click – CPC) modeli əsasında işləyir. İstifadəçi Etsy-də axtarış etdikdə həm ödənişli, həm ödənişsiz kontentlə rastlaşır. Yeganə fərq ondan ibarətdir ki, alıcı reklam olunmuş paylaşımın sol yuxarı küncündə ağ fonda yazılmış kiçik “Ad” sözünü görürlər.
Adətən Etsy-də yeni satıcı olan şəxs üçün ilk məhsullarını satmaq, xüsusən də yeni məhsul satmaq çətin olur. Bu baxımdan məhsulları daha çox alıcıya nümayiş etdirmək üçün reklamlara pul yatırmaq əslində pis fikir deyil. Məhsula reklam yerləşdirdikdən sonra statistikaları izləyə biləcəksiniz. Nəticələri yoxlamaq üçün 0.10-0.50$ arası maksiumum CPC yerləşdirmək məsləhət görülür.
Etsy ödənişlərinin həyata keçirilməsi
Alıcı Etsy ödəniş sistemindən istifadə edərək alış həyata keçirdikdə Etsy hər köçürməyə görə ödənişin 3% + 0.25$ haqq alır.
Bundan başqa, satıcının yerləşdiyi ölkədən asılı olaraq vergi kimi, eləcə də yerli valyutanın ABŞ dollarına konvertasiyası zamanı əlavə xərclər də ortaya çıxa bilər.
Etsy göndəriş xərcləri
Etsy-də və ya hər hansı digər satış portalında göndəriş pulsuz olmur. Adətən göndəriş xərcini alıcı ödəyir. Amma satıcı pulsuz göndəriş də təklif edə bilər. Bu zaman o, göndəriş xərcini satış qiymətinə daxil etməlidir. Göndəriş haqqı satıcının yerləşdiyi ölkədən asılı olaraq dəyişir. Buna görə də dəqiq hesablanma aparılmadıqda satıcı göndərişə görə daha çox xərcə düşər, davamlı baş verdiyi halda isə Etsy-də biznes qurmaq baha başa gələ bilər. Bu problemin həll yolu dəqiq araşdırma aparıb, hər bir ölkəyə edilən göndəriş haqqının nə qədər olduğun hesablamaqdır.
Ümumi xərclər barədə
Əlbəttə ki, Etsy-də biznesə başlamaq üçün cəmi 20 sent lazım olduğunu düşünmək çox cəzbedici səslənə bilər. Amma işə başlamamışdan əvvəl məhsul paylaşımlarından tutmuş satışı həyata keçirməyə qədər bütün xərcləri araşdırıb, təyin etmək daha ağıllı addım olar.
Ümumi xərclərə aşağıdakılar daxildir:
- Paylaşım xərci
- Köçürmə
- Ödənişin həyata keçirilməsi
- Reklam xərcləri (şəxsi seçimə əsasən)
Və yadda saxlamalısınız ki, bu xərclər hamısı məhsulun maya dəyərindən əlavə hesablanmalıdır. Beləliklə də, əgər çox alıcı cəlb etmək məqsədilə qiyməti aşağı qoysaz, satış zamanı ziyana uğraya bilərsiniz. Biznesi düzgün idarə etmək üçün mütləq dəqiq bir gəlir/xərc hesabatı hazırlamaq lazımdır. Məhsulun üstündə gəlir qazandığınızı görürsünüzsə, qiymətləri yüksəltmək əvəzinə biznesi yavaş-yavaş inkişaf etdirməkdə fayda var.
Etsy-də satış etmək
Etsy-də mağazanızı qurub, satış etməyə hazırsınız? Elə isə mağazanı qurmaq üçün gəlin mərhələləri birlikdə keçək:
Giriş.
Ana səhifədə Sell on Etsy ( Etsy-də satış et) linkinə daxil olub, Open your Etsy shop ( Etsy mağazanı aç) linkinə klikləmək lazımdır.
Mağazanın parametrlərini quraşdırmaq.
Məhsulları necə satmaq istədiyinizlə bağlı quraşdırmalar həyata keçirin. Məhsulu təsvir etmək üçün dil daxil edin, alış-veriş üçün valyutanı, ölkəni və s.daxil edin.
Mağazaya ad qoymaq.
Burada bir az kreativ yanaşma lazım olacaq. Elə bir ad seçmək lazımdır ki, ad şəxsi brendi təsvir etsin. Ad satdığınız məhsulları xatırlatmalı və ya alıcılar üçün yaddaqalan olmalı, eyni zamanda 4-20 işarədən ibarət, ara məsafəsiz və başqa xüsusi işarələrsiz olmalıdır.
Məhsulları paylaşmağa başlamaq.
Məhsulları yerləşdirmək üçün aşağıdakı addımları atmaq lazımdır:
Şəkil əlavə edin: Etsy hər məhsul üçün müxtəlif bucaqlardan çəkilmiş minimum 5 şəkil əlavə etməyi məsləhət görür. Bu zaman alıcılar məhsulu daha aydın görmək imkanı qazanır. Şəkillər yüksək keyfiyyətli və arxa fonu yaxşı olmalıdır.
Əsas şəkli tənzimləyin: Əsas şəkil alıcının axtarış zamanı gördüyü birinci şəkildir. Bu şəkil sizin mağazanızın görünüşü, eləcə də məhsulunuz barədə fikir yaradır. Buna görə də uyğun bir şəkil seçdiyinizdən əmin olun.
Paylaşımın təsvirini daxil edin: Məhsulun təsvirinin adı və haqqında məlumatı olmalıdır. Bundan başqa, hər məhsula 13 etiket əlavə etmək mümkündür. Alıcılar məhsul axtaranda açar sözlərdən istifadə etdiklərinə görə məhsul yerləşdirdiyiniz açar sözə uyğun olmalıdır.
Məhsulun sayını və qiymətini daxil edin: Hər məhsulun qiymətini və anbardakı sayını qeyd edin. Bundan başqa, məhsulun ölçüləri, rəngləri və materialı barədə də məlumat daxil edilməlidir.
Göndəriş xərcini daxil edin: Bu hissədə göndəriş xərci, o cümlədən, göndərildiyi ölkə, hazırlanma müddəti, çəki və ölçü barədə məlumatları daxil edilir. Bu məlumatları daha sonra dəyişmək də mümkündür.
Məhsulu paylaşmadan öncə görüntüləmək: Bu görüntüyə baxıb, hər hansı dəyişikliyə ehtiyac olub-olmadığını yoxlamaq lazımdır. Paylaşımdan öncə mağazaya müştərinin gözü ilə baxmaq vacibdir. Daha sonra finish (tamamlamaq) düyməsinə klikləyərək, ilk məhsulunuzu əlavə edirsiniz.
Ödəniş metodunu seçmək.
Etsy-də müxtəlif növ elektron ödəniş üsulları mövcuddur. Alıcılara PayPal və ya Etsy payments ilə ödəniş etməyi təklif edə bilərsiniz. Əgər xarici Paypal-ınız yoxdursa aşağıdakı yazını oxumağı məsləhət görürəm.
Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.
Etsy payments üsulunu seçdikdə satıcı pulunu kredit və ya debit kartlar, eləcə də Etsy hədiyyə kartları vasitəsilə əldə edə bilir. Amma hələki Azərbaycanda Etsy Payments aktiv deyil. Alternativ variant olaraq, əgər Türkiyədə bir tanışınız varsa, ondan xahiş edə bilərsiniz Türkiyədə sizin üçün ETSY-də qeydiyyat edib Etsy Paymentsi aktivləşdirsin.
Billing məlumatını daxil etmək.
Bu hissə də satıcının yerləşdiyi ölkədən asılıdır. Etsy şəxsiyyəti təsdiq etmək, eləcə də hesabınızdan ödənişləri çıxa bilməsi üçün bank kartı tələb edəcək. Bununla da mağazanızın quraşdırması tamamlanmış hesab olunacaq. Siz artıq öz məhsullarınızı yerləşdirə və reklam edə bilərsiniz.
Mağazanı optimallaşdırmaq.
Etsy mağazasını optimallaşdırıb, satışları artırmaq üçün aşağıdakı addımlara riayət edin:
Profilinizi əlavə edin: Burada sizin şəkliniz və haqqınızda qısa məlumat olacaq. Mağaza ziyarətçiləri sizin kim olduğunuzu bildikdə, daha çox güvənəcəklər. Bu imkandan istifadə edərək siz müştərilərlə şəxsi əlaqə də qura və məhsul barədə fikirlərinizi paylaşa bilərsiniz.
Mağazaya qaydalar əlavə edin: Bu bölmədə müştərilərin soruşa biləcəyi sual-cavablar (FAQ) yer alır. Bundan başqa, burada zaman kəsimi (timeline) şəklində sifarişin hazırlanması və göndərişi müddətini göstərə bilərsiniz ki, müştərilərdə sifarişin onlara nə zaman çatacağı ilə bağlı fikir yaransın. Əgər nəzərdə tutulubsa, məhsulun geri qaytarılması ilə bağlı qaydalar da bu bölmədə qeyd olunur. Əgər bu qaydaları yaratmaqda çətinliyiniz varsa digər satıcılarının mağazasından qaydaları götürüb düzəliş edərək öz mağazanıza əlavə edə bilərsiniz.
Mağaza haqqında məlumat: Bu bölmədə özünüz və mağazanız haqqında daha geniş məlumat qeyd edə bilərsiniz. Etsy satıcılara özləri barədə məlumat yazmaq üçün 5000 işarəlik mətn imkanı təqdim edir. Siz burada maraqlı, səmimi məlumatlar bölüşə, eyni zamanda da iş yerindən foto və videolar əlavə edə və mağazanızın sosial media hesablarını paylaşa bilərsiniz.
Etsy-nin marketinq alətlərindən istifadə edin: Bu sizə sosial media vasitəsilə daha geniş auditoriyaya çıxmağa imkan yaradacaq. Yeni marketing alətləri vasitəsilə siz məhsullarınızı Pinterest, Facebook, Instagram və Twitter kimi sosial şəbəkələrdə paylaşa bilərsiniz.
Etsy-də satış etmək barədə
Mağaza sahibi olduqdan sonra özünüzə “satışı necə artıra bilərəm?” “Etsy-də hansı yollarla SEO-nu gücləndirib, məhsullarıma daha çox baxış qazana bilərəm?” kimi suallar verəcəksiniz. Bu sualların cavabı aşağıdadır:
Peşəkar bir fotoqrafdan istifadə edin.
İnsanlar görüntüyə önəm verir. Biz məhsulu almamışdan əvvəl görmək, toxunmaq və hiss etmək istəyirik. Buna görə də peşəkar çəkilmiş şəklin arxasında böyük psixoloji addım dayanır.
Məhsul fotolarının əsas iki növü var: əsas məhsul fotosu və məişət şəkilləri
Birinci üsulda məhsulun ağ fonda yaxından çəkilmiş şəkilləri nəzərdə tutulur. Onlar yüksək keyfiyyətdə olmalıdır ki, alıcı məhsulu yaxınlaşdırıb baxa bilsin.
İkinci üsula aid olan məişətdə çəkilən şəkillərdə isə məhsul hər hansı şəxsin istifadəsi zamanı, həyatda baş verən hadisə fonunda çəkilməlidir.
Əslində bir üsul daha var. Sonuncu üsul qeyd etdiyim iki üsulu bir arada istifadə etməkdir.
Nəzərinizə onu da çatdırım ki, Etsy hər məhsul üçün maksimum 10 foto əlavə etməyə icazə verir.
Mağazanı qaydasına salın.
Mağazadakı hər bir məhsulu təyin etdiyiniz qaydada sıralayın. Məhsulların dağınıq şəkildə yerləşdirilməsi keyfiyyətə şübhə yaradır. Siz mağazaya daxil olan şəxsdə ilk təəssüratı yaxşı buraxmalısız ki, alıcı sizi və mağazanızı peşəkar hesab etsin.
Etsy-də satış – SEO öyrənin
Etsy-də SEO satışları artırmaq üçün istifadə olunan alətlərdəndir. SEO texnikaları platformadan asılı olaraq dəyişir. eBay, Amazon və Google-un fərqli SEO texnikaları var. Amma ümumi məqsəd yenə də eyni olaraq qalır. SEO-nun nə olduğunu öyrənmək və ya SEO sahəsində mütəxəssis olmaq istəyirsinizsə bloqumda daha öncə paylaşdığım yazılardan faydalana bilərsiniz.
WordPress üçün SEO optimizasiya
İnsanlar Etsy-də nə axtarırlar? Alıcıların sizin məhsulunuzu axtarış zamanı tapması üçün məhsulunuzun hansı kateqoriyaya aid olduğunu aydınlaşdırın və lazımi açar sözlərdən istifadə edin. Məhsulunuz üçün açar söz tapmaqda çətinlik çəkirsinizsə, erank.com kimi alətdən istifadə edib, Etsy üçün açar sözləri tapa bilərsiniz.
Qiyməti optimallaşdırın.
Məhsula qiymət qoymaq da nə qədər satış edəcəyinizə təsir edəcək. Adətən məhsul üçün düzgün qiyməti təyin etmək çətinlik yaradır. Çünki qiyməti aşağı salmaq qiymət müharibəsinə gətirib çıxarar, çox yüksək qiymətlər qoymaqla isə heç nə sata bilməzsiniz. Daha yaxşı olar ki, məhsulun hazırlanması zamanı çəkilən xərcləri azaldasız və hər bir addımınızı sınaqdan keçirəsiniz. Bundan başqa, siz mütəmadi halda, xammalın qiyməti, rəqabət kimi iqtisadi amillərdən asılı olaraq da qiymətləri yeniləyə bilərsiniz.
Maliyyə hesabatınızı düzgün aparın.
Maliyyə hesabatını düzgün aparmaq sizə Etsy biznesinizin necə getdiyini başa düşməyə imkan yaradacaq. Bu üsulla siz özünüzə hədəflər qoya, biznesin irəlilədiyini və yaxud da geri getdiyini müşahidə edə bilərsiniz. Rəqəmlər nə qədər dəqiq olarsa, qərarlarınız da o qədər ağıllı olar.
Məlumatı araşdırın.
Biznesinizi izləyə bilmək üçün analitik alətlərdən istifadə edin. Bəzi məhsullar digərlərindən daha yaxşı satıla bilər. Bunun əsasında da siz satışı olmayan məhsulları siyahıdan çıxarıb, yaxşı satılan məhsulların sayını artıra bilərsiniz.
Etsy-dəki ən uğurlu satıcılar kiçik addımlarla başlayıb, daha sonra zamanla böyüyüblər. Başlamaq üçün sizə böyük komanda lazım deyil. Buradakı bizneslərin 79%-i təkbaşına işləməyə başlayıb. Siz də əl işləri ilə məşğul olursunuzsa, xaricdən qazancın belə əhəmiyyətli olduğu dövrdə milyonlarla potensial müştərisi olan platformada niyə də biznesiniz olmasın?!